TƏBİB Bakıda “Ambucycle” moto təcili yardım xidmətinə başlayıb
TƏBİB təcili tibbi yardım xidmətinin operativliyini artırmaq məqsədilə yeni “Ambucycle” xidmət modelinin tətbiqinə başlayıb.
Model çərçivəsində xüsusi təchiz olunmuş motosikletlər ilk dəfə ölkədə təcili tibbi yardıma cəlb olunur. Məqsəd — xüsusilə nəqliyyat sıxlığının yüksək olduğu ərazilərdə və pik saatlarda hadisə yerinə daha qısa müddətdə çatıb ilk dəqiqələrdə tibbi müdaxiləni təmin etməkdir. İlkin mərhələdə xidmət Bakı şəhərində pilot rejimdə həyata keçiriləcək.
“Ambucycle” zəruri tibbi avadanlıq və ləvazimatlarla təchiz olunub və xüsusi hazırlıq keçmiş feldşer tərəfindən idarə olunur. Motobriqada hadisə yerində ürək-ağciyər reanimasiyası, defibrilyasiya, ağrının aradan qaldırılması, sınıqlarda immobilizasiya və digər təxirəsalınmaz müdaxilələri apara, zərurət yaranarsa tam təchizatlı təcili yardım briqadasının cəlbini əlaqələndirə bilər.
Feldşerlər Seçenov Universitetinin Bakı filialının Tədris-simulyasiya və akkreditasiya mərkəzində, “Yeni Klinika”da və Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində nəzəri və praktiki təlim keçiblər. Oxşar model İsrail, Böyük Britaniya və digər ölkələrdə uğurla tətbiq olunur; pilot mərhələnin nəticələri qiymətləndirildikdən sonra coğrafiyanın genişləndirilməsi nəzərdən keçiriləcək.
Mənbə: Milli.Az / TƏBİB (21 iyul 2026)
https://news.milli.az/society/1337497.html